
Bakı. Trend:
Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski”
kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı
vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların
söküntüsünə start verilib. Həm sakinlərin təhlükəsizliyi, həm də
şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha
səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin
yaradır.
Bunu Trend-ə
açıqlamasında Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri Elnur
Abbaszadə bildirib.
“Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi
sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin
mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik
deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin
mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli
əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb.
Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da
genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir
sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və
şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir”, –
o qeyd edib.