Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçılarının Şuşaya
ekskursiyası təşkil olunub. Burada gənclər bir sıra mühüm tarixi və
mədəniyyət abidələrini, görməli yerləri ziyarət ediblər.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, gənclər tarixi və mənəvi əhəmiyyətə malik Cıdır
düzündə olublar. Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzünün
tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında
ətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş heykəllər”,
Şuşa qalasının Gəncə Qapısı, İsa bulağı, Natəvanın Ev Muzeyi, Xan
qızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin
tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqları
dağıntılar barədə bilgiləndiriliblər.




Şuşa qalası gənclərdə xüsusilə maraq doğurub. Qala divarlarının
tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi
dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah
olunub.

Diaspor gənclərinə və Azərbaycana dost münasibəti bəsləyən
xalqların nümayəndələrinə Qarabağla bağlı səhih məlumatların
çatdırılması onların “yumşaq güc” kimi formalaşmalarına, ölkəmizin
təbliğində və dezinformasiyaların qarşısının alınmasında iştirak
etmələrinə töhfələr verilməsinə hesablanan addımlardır.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor
Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay
Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan
əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın
şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən
ümumilikdə 700-dən çox gənc qatılıb.