
Bakı. Trend:
Polis əməkdaşları tərəfindən 5 rayonun dəniz sahilində
antisanitar tədbirləri çərçivəsində 14 şəxs barəsində qanunamüvafiq
tədbir görülüb.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq dövlət
qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji
sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam
etdirilir.
“Paytaxtın Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın
Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər
zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara
atılması, içməli məişət, texniki və tullantı sularının kənara
təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi
halları aşkar edilib.
Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan
(urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və
tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş
yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində
polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.
Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik
tədbirlər davam etdirilir”,- deyə məlumatda qeyd edilib.