
Bakı. Trend:
Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində
fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin
təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası
keçiriləcək.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həm
yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də
şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını
hədəfləyir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan
25-ə yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd
təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim
edəcəklər.
Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan
alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida
Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə
biləcəklər.
Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro
stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və
digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.