
Bakı. Trend:
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın
tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında
“Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun
fəaliyyəti çərçivəsində Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik
Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə
başçəkmələr həyata keçirilib.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və
ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın
Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu,
“Psixiatriya yardımı haqqında” Qanun əsasında təşkil edilən
monitorinqlərin məqsədi bu müəssisələrdə rəftar və şəraitin
araşdırılması, pasiyentlərin hüquqlarının təmini məsələlərinin və
göstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həm
də ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələr
zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakant
olan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncə
təmir işlərinin aparıldığı müəyyən edilib. Xəstəxanada yaşayış
şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyə
nəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq hava
gəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.
Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət
göstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicə
tədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğu
mərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.
“Hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsinin
nəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsi
olduqca vacibdir.
Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarla
hüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqi
maarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumat
lövhələri təqdim edilib.
Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması
məqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq”, – deyə məlumatda
qeyd edilib.