Bankın Neftçalanın sabiq icra başçısı barədə şikayəti təmin edilib

Cəmiyyət

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmış
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl
Vəliyevin bir qisim əmlakları üzərində olan həbsin götürülməsi üçün
“Xalq Bank” tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə
prosesi yekunlaşıb.

Trend xəbər
verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə
keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, sabiq icra
başçısının dövlət nəfinə müsadirə olunmuş bir qisim əmlakı üzərində
olan həbs “Xalq Bank”ın xeyrinə götürülüb.

Qeyd edək ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri
DTX tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.




İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri
barəsində AR Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş
əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun)
nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan
əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət
alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda
rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham
elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev
10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il,
icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq
və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil
Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il,
rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3
ay azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin
cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6
aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə
endirilib.

Ali Məhkəmənin qərarına əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2
aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5
il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun
cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin
Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

Spread the love