
Bakı. Trend:
Ərazidə uzunmüddətli söküntü işləri başa çatdıqdan sonra,
2016-cı ilin avqust ayından etibarən genişmiqyaslı yenidənqurma
layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeni yolların
çəkilməsi, mövcud küçələrin genişləndirilməsi və təmir işləri
aparılıb. Eyni zamanda, məhəllənin yaşıllaşdırılması üçün geniş
abadlıq işləri görülərək, parklar və yaşıllıq zonaları salınıb.
Trend xəbər verir
ki, həmin layihələrdən ən əsası “Sovetski”nin yerində salınan böyük
parklardan biri də məhz Mərkəzi Parkdır. Mərkəzi Parkın birinci
hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və Birinci
xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın
ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da, üçüncü
hissəsinin açılışı isə ötən il noyabrın 7-də olub.
Parkın birinci hissəsi yerüstü piyada keçidləri və zolaqların
birləşdirdiyi altı hissədən ibarətdir. Bu keçidlər əsasən
avtomobillərin intensiv hərəkət etdiyi Nəriman Nərimanov, Mirzə Ağa
Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində inşa edilib.
Ümumilikdə, park 20 hektar əraziyə malikdir ki, bunun 14 hektarında
yaşıllıq salınıb. Mərkəzi Parkda bütün yaş qruplarından olan
insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman
qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.
Parkın ərazisində ümumilikdə 9 fəvvarə mövcuddur. İstirahət
parkında müasir işıqlandırma sistemi və infrastrukturun bir
mərkəzdən idarə olunması üçün təhlükəsizlik kameraları
quraşdırılıb. Burada 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq
gül və kol bitkiləri əkilib. Parkda yaşıllıqları suvarmaq üçün 6.5
kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa,
Mərkəzi Parkın ərazisində drenaj xəttlər də çəkilmişdir.
Parkın ərazisində Mirzə Ağa Əliyev küçəsi və Təzəpir məscidi
arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq
təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları
ilə təchiz edilib.
Bəs, şəhər sakinləri parkın genişləndirilməsi barədə nə
düşünür?
Şəhər sakini Güllü bildirib ki, gənclər park sahələrinin
genişləndirilməsindən çox məmnundurlar:
“Biz parklarda həm asudə vaxtlarımızı keçirir, həm yürüyüşlər edir,
həm də yaşıdlarımızla görüşərək dərslərimizlə bağlı fikir
mübadiləsi apara bilirik. Yaşıl park sahələrinin artması beton
şəhərin mərkəzində bizə yeni nəfəs verir. Düşünürəm ki, şəhərin
görüntüsünü pozan, köhnə və təhlükəli tikililər yerinə belə gözəl
parkların salınması daha gözəldir”
Bəhriyə adlı sakin isə qeyd edib ki, boş vaxtı olanda
dostlarımla gəzməyi sevir:
“Yeni salınan parklar bizim üçün ideal məkanlardır. Orada otururuq,
söhbət edirik, şəkillər çəkirik. Parklar təkcə istirahət üçün yox,
həm də sosiallaşmaq üçün yaxşı fürsətdir. Əvvəl şəhərdə belə yaşıl
yerlər az idi, ya da çox uzaqda olurdu. İndi hər yerə yaxın parklar
var. Həm də parkların dizaynı çox müasirdir. İşıqlandırmalar
yaxşıdır, dekorativ ağaclar, fəvvarələr var. Bunlar da çox xoş
atmosfer yaradırlar”.
Zərnişan xanım isə deyir ki, şəhərin içində yaşamaq bəzən insanı
yorur:
“Səs-küy, tıxac, iş stressi insanı təngə gətirir. Parkların artması
mənim kimi işləyən insanlar üçün yaxşı fürsətdir. İşdən sonra evə
gedərkən yaxınlıqdakı parkda 20-30 dəqiqə oturub dincəlirəm. Təmiz
hava alıram, beynimi dincəldirəm. Əvvəllər belə yerlər çox az idi.
İndi isə demək olar ki, hər bir yerdə yeni parklar var. Şəhərin
görünüşü də dəyişib, daha səliqəli görsənir”.
Digər bir gənc şəhər sakini Osman isə qeyd edib ki, parkların
genisləndirilməsi olduqca əhəmiyyətlidir:
“Hər yaş insana xitab edir. Məsələn: yaşlılar burada dincələ,
uşaqlı valideynlər uşaqlarını buraya gətirib, dostları ilə
oynamasına, gənclər isə dərs və işlərindən sonra yorğunluqlarını
burada dincələrək keçirə bilər”.
Şəhər sakini Hüseyn bildirib ki, hər səhər qaçış edir:
“Əvvəllər bu işi yol kənarlarında və ya stadionlarda edirdim. Amma
indi yaşadığım yerin yaxınlığında geniş bir park var. Həm də qaçış
üçün xüsusi yollar salınıb. Bu, mənim üçün çox rahatdır. Həm daha
təhlükəsizdir, həm də təbiət içində olmaq insana enerji verir.
Parkların genişlənməsi təkcə istirahət üçün deyil, sağlam həyat
tərzi üçün də böyük üstünlükdür. Düşünürəm ki, bu cür layihələr çox
vacibdir və davamlı olmalıdır”.

