
Bakı. Trend:
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün
keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisas seçimi
zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı
jurnalistika ixtisasını da seçə bilərlər
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən
abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının
nəticələrini elan edib
Abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola
bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 1071
abituriyentdən 253 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən
abituriyentlərdən 745 nəfər “məqbul” qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz
elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika
ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 11-dən 19-dək
aparılacaq.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət
etmək istəyənlər 8 avqust saat 14:00-dan 10 avqust saat 17:00-dək
DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla
qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan
keçməyənlər sonradan apellyasiya üçün müraciət edə
bilməyəcəklər.
Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
bütün işlər araşdırılır;
• İmtahan iştirakçılarının müraciətləri üzrə müvafiq ekspert
rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd
etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə
bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında
ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və
ekspert rəyini oradan çap edə bilərlər.