Ötən il ərzində icbari tibbi sığorta hesabına 2192 sayda gözdə ət artımı əməliyyatı icra olunub – Agentlik

Cəmiyyət

Bakı. Trend:

Ötən il ərzində icbari tibbi sığorta hesabına pterigiumun
kəsiklə çıxarılması üzrə 284 sayda, transpozisiyası üzrə isə 1908
sayda cərrahi müdaxilə icra olunub.

Trend xəbər
verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
məlumat yayıb.

Bildirilib ki, birinci üsulda pterigium toxuması kəsilərək
çıxarılır və yaraya tikiş qoyulur. Bu prosedur texniki baxımdan
sadə və qısa müddətli olsa da, residiv (təkrarlanma) riski yüksək
olur.

Qeyd edək ki, pterigiumun (gözdə ət artımı) müayinə və cərrahi
müalicəsi icbari tibbi sığorta ilə əlçatandır.

Xatırladaq ki, pterigium – qanadı xatırladan üçbucaq formalı
membranın konyunktivadan gözün buynuz qişasına qədər tədricən
böyüməsi ilə xarakterizə olunan gözün ön seqmentinin xroniki
xəstəliyidir.




“Fibroz toxuma və qan damarlarından ibarət bu patoloji membran
burun tərəfindən, yəni gözün daxili bucağından bəbəyin mərkəzinə
doğru böyüyür.

Adətən günəş şüalarına, küləyə, tozlu, quru mühitə, allergen və
kimyəvi maddələrin təsirinə uzunmüddətli məruz qalma nəticəsində
yaranır. Xəstəlik ilkin mərhələdə sadəcə gözdə qızartı, qaşınma,
yanma, göz quruluğu ilə özünü göstərsə də, inkişaf etdikcə
astiqmatizm, görmə itiliyinin azalması, görmə sahəsinin daralması
və məhdudlaşması, diplopiya (ikigörmə) və digər simptomlara səbəb
ola bilər. Bundan başqa, qeyd olunan membran estetik olaraq
pasiyentlərdə narahatlıq və psixoloji problemlərə də səbəb ola
bilər. Pterigiumun fəsadlarına konyunktivada və buynuz qişada çapıq
toxumanın inkişafı, göz almasının məhdud hərəkətliliyi, çəpgözlüyün
baş verməsi və ptergiumun bədxassəli degenerasiyasını misal
göstərmək olar.

İcbari tibbi sığorta ilə hər iki əməliyyat tibbi göstəriş və
həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb
müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə
müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət
orqanlarının tabeliyindəki) aparılır.

Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini
“Tibb
müəssisələrinin axtarışı”
funksiyasından istifadə etməklə tanış
ola bilərsiniz”,- deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir