
Bakı. Trend:
6 avqust saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat
rekord həddə çataraq, saatda 4871 meqavatt olub.
“AzərEnerji” ASC-dən Trend-ə verilən məlumata görə, eyni zamanda sutkalıq
enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.
“Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu
sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas
səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin,
çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və
dinamik inkişafıdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında tempratur 40-42
dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavatt olmuşdu. Son 7
ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna
adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq
“AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri,
yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza
avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası
üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
Hazırda “AzərEnerji” ASC nəinki ölkə üzrə tələbata uyğun enerji
istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal
etmək gücünə malikdir”, – məlumatda deyilir.