Yevlax Pilot Aqroparkın rezidenti daha bir sosial layihənin icrasını uğurla həyata keçirib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

“Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və BP şirkətinin
maliyyə dəstəyi ilə Qusar rayonunun Avaran kəndində həyata
keçirilən içməli su layihəsi Yevlax Pilot Aqroparkın rezidenti
“İSFA” MMC tərəfindən uğurla icra olunub.

Trend
xəbər verir ki, bununla əlaqədar müasir içməli su təchizatı
infrastrukturunun açılış mərasimi keçirilib.

Tədbirdə bildirilib ki, Cağar Cibir su kanalından kəndin su
təchizatı üçün 1,4 km məsafədən su xətti çəkilmiş, 10000m³ həcmində
su tutar və 2000 m³ həcmində lil çökdürmə hovuzu yaradılıb, membran
döşənib, nasosxana və filter məntəqəsi tikilib, qurğu və
avadanlıqların elektrik təchizatı üçün elektrik xətti çəkilib, 3
mərhələli filter sistemi, motorlar, su çənləri və sayğaclar
quraşdırılıb.




Layihənin birinci hissəsinin icrası çərçivəsində kənd daxili
şəbəkə qurularaq 125 ev təsərrüfatının su təchizatı təmin
edilib.

Qeyd edək ki, Qusar rayonunun Avaran kəndində hazırda 388 ev
təsərrüfatı olmaqla 1700-dən çox sakin yaşayır. Kənddə və yaxın
ərazidə təbii bulaqlar və digər şirin su mənbələri olmadığından,
sakinlər içməli və suvarma su ilə təminatında əziyyət çəkirdilər.
Bu sosial layihənin uğurlu icrası kənd sakinlərinin suya olan
təlabatını aradan qaldırılmasına köməklik göstərəcək.