Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin
hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.

Trend
xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, tədqiqatlar Kənd Təsərrüfatı Nazirliyinin
təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Türkiyə
Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Letgen Biotechnology və
Bayramlı Group şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair
genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin
genetik irsinin qorunması, onların genom miqyasında struktur və
funksional variasiyalarının identifikasiyası, marker-assosiativ
seleksiya sistemlərinin qurulması və genetik resursların
uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında
yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən
müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri
götürülmüş, fenotip qiymətləndirmə aparılmışdır.




Götülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri

• Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin
hazırlanması
• Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS)
sistemlərinin tətbiqi
• Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya
səmərəliliyinin yüksəldilməsi
• Genetik məlumatların elektron baza (genobank) formasında
qorunması
• Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.)
inteqrasiyası olaraq müəyyən edilib.

Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin
hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin
mühüm genetik məlumatlar elektron verilənlər bazasında
yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq
proqramları təkmilləşdiriləcəkdir.

Qeyd edək ki, bu layihə təkcə elmi araşdırmalar baxımından
deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması
baxımından strateji əhəmiyyət daşıyır.