
Bakı. Trend:
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində
“Qlobal miqyaslı virtual icma və şəbəkələşmə platforması”
mövzusunda panel təşkil olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının İcraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə
keçirilən panelin qonaqları Assosiasiyanın şöbə müdiri Əli
Məmmədzadə, AKTA-nın İctimai Birliyinin İdarə Heyətinin sədri Pənah
Musayev, “Crowdstrike” regional sistem mühəndisi Orxan Həbibzadə və
“AREA Academy”nin təsisçisi Rəhman Rəsulzadə olub.
Panel zamanı kibertəhlükəsizlik sahəsində motivasiyanın
əhəmiyyəti və gənclərin bu sahədə inkişafına dəstək imkanlarından
danışılıb, virtual icma platformaları yaratmağın yeni meyarları
barədə intellektual müzakirələr aparılıb.
Müasir dövrün tələblərinə uyğun kiber simulyasiya
texnologiyalarının rolu qeyd edilib. Dron və robot texnologiyaları
sahəsindəki yeniliklər, bu texnologiyaların gələcəyin əsas
istiqamətlərindən biri olması və maraq göstərən gənclərin
dəstəklənməsinin önəmi diqqətə çatdırılıb. Belə təşəbbüslərin
diaspor gənclərinin texnologiya, kibertəhlükəsizlik və innovasiya
sahələrində maariflənməsi, qlobal şəbəkələrə inteqrasiyası, eləcə
də milli maraqlar ətrafında birləşməsi üçün mühüm platforma rolunu
oynadığı vurğulanıb. Düşərgə iştirakçılarının süni intellekt,
kibertəhlükəsizlik, eləcə də, rəqəmsal texnologiyalarla bağlı
sualları cavablandırılıb.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor
Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin
və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə
gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın
61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr
Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub,
düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc
qatılıb.