
Bakı. Trend:
“Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasında doğuş edən ana
və onun körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Bakı Metropoliteninin
“20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika
Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər
göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il
təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb
olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib,
doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və
hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya
bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə
CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında
saxlanılır.
Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi
2200 qram, boyu 47 sm, kişi cinslidir.
Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət
qeydə alınıb.
Dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən
sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri
tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb.
Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya
olunub.

