
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.
FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğın
Nəzarəti Xidməti bu çərçivədə Bakı şəhəri, Nərimanov rayonu
ərazisində fəaliyyət göstərən kağız məhsullarının istehsalı və
avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam
örtükləri anbarında yoxlama keçirilib.
Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində
çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı
və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına
birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
- obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb; - obyektlər yanğına qarşı sistem və qurğularla təmin
edilməyib; - elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın
təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün
kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi
sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib; - elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və
müvafiq akt tərtib edilməyib; - obyektlərdə izolyasiyası zədələnmiş nasaz elektrik
avadanlıqlarından istifadə olunur; - obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin
edilməyib; - obyektlərdə standarta uyğun olmayan elektrik qızdırıcı
cihazlardan istifadə olunur; - yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb; - obyektlərin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta
olunmayıb.
“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
sexlərinin və anbarın fəaliyyətlərinin dayandırılması barədə
Qərarlar qəbul olunub və Qərarların bir nüsxəsi obyektlərin
nümayəndələrinə təqdim edilib”, – deyə məlumatda qeyd edilib.