Azərbaycan G20 Dinlərarası Forumda təmsil olunacaq

Cəmiyyət

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək
üçün Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərinə yola
düşür.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, G20 Sammitləri ərəfəsində keçirilən Dinlərarası
Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal
platformadır.




G20 Dinlərarası Forumun Bolonya, Bali, Punada keçirilən
tədbirlərinin iştirakçısı olmuş Şeyxülislam Allahşükür Paşazadə
Cənubi Afrika Respublikasındadı növbəti tədbirə G20 Dinlərarası
Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.

10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu
“İman fəaliyyətdə”dir. Forumun açılış plenar iclasında çıxış edəcək
QMİ sədrinin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda
iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə
tutulur.

Azərbaycanı G20 Dinlərarası Forumda, həmçinin, Azərbaycan Milli
Məclisinin deputatları, habelə Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edəcəklər.