Dərnəgül stansiyası şəhər nəqliyyatının yükünün azalmasına gətirib çıxaracaq – ŞƏRH

Cəmiyyət

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir
Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə Dərnəgül
stansiyasının tikintisinə başlayıb.

Trend
açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev
bildirib ki, bu dayanacağın üstünlüyü sərnişin axınının
parçalanmasına xidmət etməsi olacaq:

“Həmçinin, bu vaxta qədər Xırdalandan, Sumqayıtdan gələn
tələbələr məcburi “28 May” stansiyasına gedərək, oradan səfərlərini
təşkil edirdilərsə, indiki vəziyyətdə “Dərnəgül” üzərindən də
səfərlərini təşkil edə biləcəklər. Bu, həm “28 May”ın yükünü
azaldacaq, həm də sərnişin axınının fərqli istiqamətdə
parçalanmasına və şəhər nəqliyyatının yükünün azalmasına gətirib
çıxaracaq”.

Ekspert qeyd edib ki, bu, xətlərin ayrılması prosesinə də müsbət
töhfə verəcək:

“İnsanlar bu yolla artıq “28 May” stansiyasına gəlmədən də, “Dərnəgül”dən digər istiqamətlərə gedə biləcəklər. Bu növ
dayanacaqların sayının artırılması vacibdir. Bakı Şəhərinin Baş
planında da Heydər Əliyev prospektinə yaxın ərazidə dayanacağın
yaradılması, eyni zamanda, Nərimanov rayonunun keçmişdə “Montin”
adlanan ərazidə stansiyanın bərpası, “Şəfa” stadionun yaxınlığında
dayanacağın yaradılması nəzərdə tutulur.




Düşünürəm ki, gələcək üçün Xırdalandan üzü Koroğlu, Hövsana
birbaşa xəttlərin açılması üçün tikintilər nəzərdə tutulmalıdır.
Çünki indiki zamanda “28 May”da düşüb növbəti qatarla getmək imkan
var, bu da bir az narahatdır. Amma birbaşa olarsa, bu, gələcəkdə
polisentrik şəhər konsepsiyasına uyğun olaraq sərnişin axınını
tənzimləyər”.

Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov isə Trend-ə qeyd edib ki,
dəmir yolu stansiyalarının açılması Bakı şəhərinin Baş planına
əsasən həyata keçirilir:

“Həmin plana əsasən, dayanacaqların harada açılması,
dayanacaqların harada olması nəzərdə tutulur. Dərnəgüldə həm metro,
həm də dəmir yolu stansiyası ola bilər. Yəni stansiyanın açılması
oraya gələn sərnişinlərin sıxlığına görə müəyyən olunur.
Ümumiyyətlə, dayanacaqlar və stansiyalar sərnişin axınına və
məsafələrə uyğun olaraq açılır. Bundan sonra hansı stansiyaların
açılacağını proqnozlaşdırmaq çətindir”.

“Belə stansiyaların açılması həmin ərazidə olan sərnişinlərə
kömək göstərəcək. Amma ümumi nəqliyyat axınına təsir göstərmək üçün
kompleks işləmək, nəqliyyat axınının sıxlığını, göstəricilərini
illər, aylar, həftələr üzrə müəyyən etmək lazımdır. Bundan sonra
əgər sərnişin axını həmin istiqamətdə çoxdursa, müəyyən yerə
çevirmək olar. Yəni ümumi sıxlığın aradan qaldırılması üçün dəmir
yolu, metro və avtobus bir-biri ilə koordinasiya olunmuş şəkildə
işləməlidir. Belə olan halda daha çox effekt əldə olunar”, – o qeyd
edib.