
Bakı. Trend:
Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçürüləcək 52
ailə arasında maarifləndirilmə tədbiri keçirilib.
Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, məcburi köçkünlərlə iş sahəsində dövlət
siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial
müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham
Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi
köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi
prioritet məsələlərdəndir.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial
müdafiəsi haqqında” Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra
sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial
müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət
büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad
edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan
əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və
maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə
tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə
nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun
qanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir.
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına
əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina
təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq
olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə
çağırır.
İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi
sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə
müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin
maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq
növbəti tədbir Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə
köçürüləcək 52 ailə arasında keçirilib.
Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial
müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə
geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra
dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar
məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video
çarxlar, mediada mütəmadi olaraq yayımlanır.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı
çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq
aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar
Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq
qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər
keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və
broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur,
videoçarxlar çəkilir.