ADNSU-nun əlaçı tələbələri Balaxanıda Universitetlərinin adını daşıyan neft quyusunun qarşısında lövhə açdılar (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə ilə
oxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor Vazeh
Əskərovla birgə “Balakhani Operating Company LTD”nin ərazisində 102
yaşlı neft quyusunun qarşısında qurulan “ADNSU-100” lövhəsinin
açılışını ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına
əsasən, 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanı
hasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayında
ADNSU və “Balakhani Operating Company LTD” arasında Anlaşma
Memorandumunun imzalanması zamanı qəbul edilmişdir- “Balakhani
Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU ilə
həmyaşıd və bu günə qədər işlək quyunun “ADNSU-100” adlandırılması
barədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.

Açılış mərasimindən sonra keçirilən hasilat şirkətinin
rəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyera
arzuları barədə səmimi söhbətdə iştirak ediblər. Bildiriblər ki,
sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkan
verən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurlu
olmağa kömək edəcək. ADNSU prorektoru Vazeh Əskərov ölkəmizin
tarixən ikinci universitetinin müasir tələblərə uyğun
multi-disiplinar tədris proqramı barədə geniş məlumat verib və
tarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm və
innovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunu
bildirib. “Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bu
mənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizlə
bərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarının
əhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərov
universitet-sənaye arasında münasibətlərin gələcəkdə də davam
edəcəyinə ümidini bildirib.




“Balakhani Operating Company LTD”nin müşaviri, prezident
təqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətində
ADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. “Mən, çox
xoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərs
otağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrini
bölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisası
günü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcək
hasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, “Balakhani Operating
Company LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi
(1920-2020) yubiley medalı” təqdim edilib. Preizdent İlham Əliyevin
qərarı ilə təsis olunan “Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil,
habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş,
bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim
olunur.

Bu ilin fevral ayında yubiley medalı ilə “Balakhani Operating
Company LTD”-nin prezidenti Rövşən Rzayev təltif edilmişdir.