
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında ipoteka sahəsində idarəetmə
təkmilləşdiriləcək.
Trend xəbər
verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi
sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman
imzalayıb.
Sənədə əsasən, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti
“Naxçıvan İpoteka Fondu” qeyri-kommersiya hüquqi şəxsinə çevrilmə
yolu ilə yenidən təşkil ediləcək.
Naxçıvan İpoteka Fondu (bundan sonra – Fond) “Naxçıvan İpoteka
Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olacaq və onun bütün
hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçəcək.
Fond Naxçıvan Muxtar Respublikasında əhalinin yaşayış sahəsi ilə
uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi
mexanizminin yaradılması, ipoteka kreditləşməsinə maliyyə
resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı
işləri yerinə yetirən qeyri-kommersiya hüquqi şəxsi olacaq.
Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi
aşağıdakılara həvalə edilib:
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə:
- Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının
miqdarının müəyyən edilməsi;Fondun icra orqanının yaradılması, onun
səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından
əvvəl xitam verilməsi; - Fondun yenidən təşkili və ləğvi barədə qərarın qəbul
edilməsi;
Fonda:
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə
razılaşdırmaqla Fondun strukturunun, əməyin ödənişi fondunun,
işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin
(vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər
ödənişlərin) təsdiq edilməsi; - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll
edilməsi.
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti:
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə
təqdim etməlidir; - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə
məlumat verməlidir; - mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədrinə məlumat verməlidir; - Fondun nizamnaməsinin təsdiqini və “Naxçıvan İpoteka Fondu”
Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının məbləği həcmində
nizamnamə kapitalının formalaşdırılmasını bir ay müddətində təmin
etməlidir; - bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin
edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat
verməlidir.