Apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərildi

Cəmiyyət

Bakı. Trend:

18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin
sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin
apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi
kabinetlərinə göndərildi.

Trend
xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat
yayıb.




Bildirilib ki, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma”
bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola
bilərlər.

“Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması
prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı
müraciətlər araşdırılmış və bütün qiymətləndirmə vasitələri
apellyasiya prosesi çərçivəsində təkrar yoxlanılmışdır. Nəticədə
ibtidai sinif (rus bölməsi) üzrə 47-ci sırada təqdim edilmiş test
tapşırığının şərtində xəta aşkar edilmişdir. Azərbaycan dili və
ədəbiyyat (Azərbaycan bölməsi) üzrə isə 1, 42 və 49-cu sırada
təqdim edilmiş test tapşırıqlarının iştirakçıların bilik və
bacarıqlarının müəyyən edilməsi istiqamətində effektiv olmadığı
təyin edilmişdir. Bu səbəbdən qeyd olunan test tapşırıqları üzrə
nəticələr iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən
hesablanmışdır”,- deyə məlumatda qeyd edilib.