Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi
çərçivəsində “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi
keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, Komitənin əməkdaşı Esmira Xəlilovanın aparıcılığı
ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq
təhsil naziri, akademik Misir Mərdanov, Milli Məclisin deputatı,
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığın
tədqiqatçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin
üzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim, Qərbi Azərbaycan
İcmasının üzvü Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparat
rəhbəri Qalib Qasımov iştirak edib.

Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi,
oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəki
çoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunub
saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd
olunub. “Qərbi Azərbaycan İrsi” kitabının tariximiz və
mədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki,
kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın
hüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətli
mənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların bu
sahədə tarixi biliklərinin artırılmasına və həqiqətlərimizi dünya
ictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.




Tədbirdə Qərbi Azərbaycan torpaqlarında baş vermiş vandalizm
aktlarını əks etdirən fotosərgi, həmçinin Qərbi Azərbaycan
həqiqətləri ilə bağlı sənədli film nümayiş olunub.

Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərə
çoxsaylı suallar ünvanlayıblar.

Sonda iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə
bağlı hədiyyələr təqdim olunub.

Qeyd edilib ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor
Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə
təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay
Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan
əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın
şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən
ümumilikdə 700-dən çox gənc qatılıb.