Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü həbs edilib

Cəmiyyət

Bakı. Trend:

Avqustun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları
tərəfindən Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144
dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.

İdarədən Trend-ə verilən məlumata görə, yoxlama zamanı
nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil
Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr
yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub.

Bildirilib ki, müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə
olduğu təsdiqlənib.




Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış
materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı
ilə İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka
müddətində inzibati qaydada həbs edilib.

“Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hər bir sürücü
həyatlarını onlara etibar etmiş insanlar qarşısında birbaşa
məsuliyyət daşıyırlar. Bu sahədə çalışan şəxslər yol hərəkəti
zamanı daim diqqətli, ayıq və məsuliyyətli olmalıdırlar. Sərxoş,
yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda nəqliyyat
vasitəsini idarə etmək daşınan sərnişinlərin həyatını qəsdən
təhlükəyə atmaq deməkdir. Əmanət edilmiş həyatı qorumaq hər bir
sürücünün borcudur”, – BDYPİ-nin xəbərdarlığında qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir