Paytaxtın küçələri yenidən yuyulub, yaşıllıqlara qulluq göstərilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da
yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH)
tərəfindən şənbə günü, avqustun 9-da paytaxtda növbəti dəfə
təmizlik işləri aparılıb.

BŞİH-dən Trend-ə verilən məlumata görə, son vaxtlarda havaların
kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma
Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin
kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara
aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcı
tədbirlər olaraq xəstə ağaclar götürülür.

Bildirilib ki, bütün bunlar isti havalarda yaşıllıqların
qurumasının qarşısını alır.

İsti havaları nəzərə alaraq Mərkəzi Nəbatat Bağında iməcilik
tədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluq
göstərilib, qurumuş budaqlar kəsilib, ağacların dibi bellənib,
ümumi istifadə olan yollar yuyulub, təmizlik işləri həyata
keçirilib.




Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından
başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas
küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də
məhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt və
küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq
dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində
oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış
məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və
digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman
işləri aparılıb.

Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının
zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli
güllərdən kompozisiyalar yaradılıb.

Cari işlər çərçivəsində bağ ərazisində ağaclarda yayıla biləcək
müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi
olaraq dezinfeksiya işləri aparılmaqdadır. Qeyd edilib ki, istifadə
olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri
yoxdur.

“Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti
təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz
tövhəsini verib. Ən əsası isə odur ki, şəhərin təmizliyi və
gözəlliyi paytaxta gələn çoxsaylı qonaqlar tərəfindən də yüksək
qiymətləndirilib, onlar Bakının gözəlliyinə və təmizliyinə valeh
olduqlarını bildiriblər”, – deyə məlumatda vurğulanıb.

Spread the love