
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 10-da baza ali tibb
təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə
rezidenturaya qəbul imtahanının ikinci mərhələsini – ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsini təşkil edib.
Trend-ə DİM-dən
verilən məlumata görə, imtahanın idarə olunması üçün 5 ümumi
imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi və 12
buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib.
Onlardan 879-u Bakıda, 26-sı isə Naxçıvanda imtahan verib.
Avqustun 11-dən etibarən imtahan protokolları və cavab
kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan
olunması nəzərdə tutulur.
XXX
06:39
Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul
imtahanının 2-ci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, imtahan Bakı şəhərində 4,
Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da
başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan
sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2
saat 30 dəqiqə davam edəcək.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin
əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər
arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına
müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində
həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış
vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək
üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569
nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus
bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin
məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879,
Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi
gözlənilir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11
imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə)
əməkdaşı ayrılıb.

