“AzerGold” növbəti Təqaüd proqramını elan edir

Cəmiyyət

Bakı. Trend:

“AzerGold” QSC dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb
tələbələri üçün növbəti “Təqaüd proqramı” müsabiqəsini elan
edir.

Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi
kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd
Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin
tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.
Müsabiqədə 2025-2026-cı tədris ili üzrə bakalavr və magistr
səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya,
ekologiya və metallurgiya mühəndisliyi sahələri üzrə əyani təhsil
alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər.
Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən
ibarətdir.




Cəmiyyətin Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə
zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə
buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq
qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda
müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb
edilərək, hər biri müvafiq təltifnamə və tədris ili müddətində, hər
ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən
tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və
məzun olduqdan sonra tələblərə uyğun müvafiq vəzifələr üzrə işlə
təmin edilməsi nəzərdə tutulur.

“Təqaüd proqramı” layihəsi və müsabiqənin şərtləri ilə ətraflı
tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında “Karyera”
bölməsində yaradılmış “Təqaüd proqramı”
altbölməsinə
daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək
üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb
olunur. Müsabiqəyə elan dərc edildiyi gündən (11 avqust 2025-ci il)
start verilir. Müraciət üçün son tarix 30 avqust 2025-ci ildir.