G1 səviyyəli geomaqnit qasırğası olacaq – Rəsədxana

Cəmiyyət

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika
Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildirilib ki, hesabat dövrü ərzində Günəşin
fəallığı artaraq, əsasən M sinif alışmalar qeydə alınıb.

“Yerə yönəlmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin
səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 155 ləkə və cənub
yarımkürəsində böyük tac dəliyi müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti saniyədə 839 kilometrədək
artıb.

Hazırda Günəş küləyinin sürəti saniyədə 534 kilometrdir.




Günəş ləkəsi mərkəzi meridian yaxınlığında yerləşdiyindən və tac
dəliklərinin də əlavə təsiri nəticəsində avqustun 8-10-da G1-G2
səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hazırda kosmik hava
aktivdir.

Proqnoz günlərində (11-17 avqust) C sinif alışmanın baş verməsi
ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55
faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10
faizdir.

Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji
yüklü proton selinin avqustun 11-dən 13-dək yüksək səviyyədə
olacağı gözlənilir.

Günəş küləyinin müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə
sürətinin yenə də yüksək olacağı gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü tac dəliyi axınlarının təsiri
ilə 11-13 avqustda G1 səviyyəli geomaqnit qasırğası, sonra isə 18
avqustadək qeyri-sabit və sakit səviyyələrdə olacağı
proqnozlaşdırılıb”,- deyə əlavə edilib.