
Bakı.Trend:
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli
obyektin fəaliyyətini dayandırıb
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 8A
ünvanında yerləşən Əliyev Pərviz İlqar oğluna məxsus avtomobil
təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;
– normativ sənədlərin tələblərinə zidd olaraq yüksəkmərtəbəli
yaşayış binasının qeyri yaşayış sahəsində avtomobil təmiri sexi
fəaliyyət göstərir;
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik
təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin
izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyektdə polietilen materialdan ibarət arakəsmə quraşdırılaraq
ətrafına tezalışan əşyalar yığılıb;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb;
– obyekt odsöndürən balonlarla təmin olunmayıb;
– obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim
edilməyib;
– obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat
hazırlanmayıb;
– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
“Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 8A
ünvanında yerləşən Əliyev Pərviz İlqar oğluna məxsus avtomobil
təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul
olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim
edilib”-məlumatda deyilir.