
Bakı. Trend:
Avqustun 11-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində
zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı
soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün
ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
Trend xəbər verir ki, Aybəniz
Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada
qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil
olmaqla doğmaları qətlə yetirilib.
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs
7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz
oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox
işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına
söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab
verirdilər”, – deyə zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın
7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı
özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki,
girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis
rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim
Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra
benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.