
Bakı.Trend:
Livanın paytaxtı Beyrut şəhərində Livan-Azərbaycan Dostluq
Assosiasiyası yaradılıb və tərkibi təsdiq edilib.
Trend xəbər
verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilib ki, təşkilatın yaradılması vaxtilə Azərbaycanın
müxtəlif universitetlərində ali təhsil almış livanlı məzunların,
xüsusilə doktor mühəndis Əkrəm Tarhininin təşəbbüsü ilə həyata
keçirilib.
Assosiasiyanın yaradılmasında məqsəd hər iki ölkənin xalqları
arasında əlaqələrinin möhkəmləndirilməsi, elm, mədəniyyət, təhsil,
turizm, səhiyyə, sosial və digər sahələrdə birgə fəaliyyət
göstərməkdir.
Qeyd edilib ki, assosiasiyanın prezidenti Əkrəm Tarhini Livanın
İnkişaf və Bərpa Şurasının layihə rəhbəridir. O, 1991-ci ildə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, daha sonra
Azərbaycan Memarlıq və İnşaat Universitetinin təhsil alıb.
Ölkəmizdə keçirilən bir sıra dövlət və beynəlxalq əhəmiyyətli
tədbirlərdə qonaq qismində iştirak edib. Bir müddət əvvəl isə
Livanın Kavaşra kəndində iki ölkə arasındakı münasibətlərin
inkişafına xidmət edən, eləcə də burada yaşayan türkman xalqının
nümayəndələri üçün mühüm hadisə olan Azərbaycan Evinin açılış
mərasiminə qatılıb.

