Tədris müəssisələrinin komplektləşdirilməsi ilə bağlı addımlar atılır – Nurlan İsmayılbəyli

Cəmiyyət

Bakı.Trend:

Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə
çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi haqda
məlumatlar yayılıb.

İddialara görə, Lənkəran Təhsil İdarəsinin keçirdiyi iclasda
qərar elan edilib ki, məktəb yalnız ibtidai siniflər üzrə fəaliyyət
göstərəcək. Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə
təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Məlumata görə, qalan
500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə
köçürülməsi planlaşdırılır.

Trend xəbər
verir ki,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli
jurnalistlərə açıqlamasında məsələyə aydınlıq gətirib.




“Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta
məktəblə bağlı görüntülərlə biz də tanış olduq:

Tədris ili başlamazdan əvvəl tədris müəssisələrinin
komplektləşdirilməsi ilə bağlı addımlar atılır. Prosesdən əvvəl də
həmin vətəndaşlarla əvvəlcədən ünsiyyət var idi. MÜTDA tərəfindən
həmin məsələ diqqətə götürülüb. Növbəti addımlarla bağlı
ictimaiyyətə və valideynlərə məlumat veriləcək”, – o qeyd edib.