
Bakı. Trend:
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi
Ramil Əliyev Norveç hökumətinə Azərbaycanın işğaldan azad olunan
ərazilərindəki mövcud vəziyyətlə bağlı bəyanat ünvanlayıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, o, Şuşa, Xankəndi və Laçın şəhərlərinə səfər
etdiyini, həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb.
“Uzun illər davam edən erməni işğalı nəticəsində dağıdılan və
ciddi ekoloji terrora məruz qalan bu bölgələrdə aparılan işlərin
Azərbaycanın sülhə, dayanıqlı inkişafa və regional sabitliyə
sadiqliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Bəyanatda Norveç hökumətinə və beynəlxalq ictimaiyyətə bu
reallıqları nəzərə almağa, Azərbaycanla bağlı müzakirələr və qərar
proseslərində balanslı və ədalətli mövqe sərgiləməyə çağırış
edilib”,- deyə məlumatda qeyd edilib.