Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ağdam rayonu oldu (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə
ölkəmizin müxtəlif şəhər, rayon və ucqar kəndlərində uğurla icra
edilən “Səyyar Gənclər Xidməti” layihəsinin 2025-ci il üçün ilk
dəfə Cəbrayılda təşkilindən sonra növbəti dayanacağı Ağdam rayonu
oldu. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən
layihə 15 avqust tarixinədək Ağdam gəncləri üçün öz işini davam
etdirəcək.

Dövlət başçısının elan etdiyi 2025-ci il “Konstitusiya və
Suverenlik İli” çərçivəsində həyata keçirilən “Səyyar Gənclər
Xidməti”nin əsas missiyası Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Qələbənin və ölkə
suverenliyinin bərpasının gənclər arasında təbliği, ölkəmizdə
gənclərin vətənpərvərlik, dövlətçilik prinsipləri, milli-mənəvi
dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması, eyni zamanda dövlət
gənclər siyasətinin təqdim etdiyi imkanların – məşğulluq,
innovasiya, təhsil, sosial layihələr və digər istiqamətlər üzrə
təşəbbüslərin region gəncləri üçün əlçatanlığının təmin
edilməsidir.

Səyyar Gənclər Xidmətinin Ağdamdakı açılış mərasiminin rəsmi
hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Ardınca çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini
Xəqani Nəzərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş
direktoru Azər Əliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək
qiymətləndirərək layihənin dövlətçilik dəyərlərinin təbliğində
mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs təkcə
gənclərin bilik və bacarıqlarının inkişafına deyil, həm də onların
sosial aktivliyinin, milli birlik və vətənpərvərlik ruhunun
güclənməsinə xidmət edir.




Rəsmi hissədən sonra açıq hava şəraitində Müdafiə Nazirliyi,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyası, 9 saylı Regional Ekologiya və
Təbii Sərvətlər İdarəsi və Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin
əməkdaşları tərəfindən iştirakçılar üçün maarifləndirici təlimlər
keçirilib. Eyni zamanda, peşəkarların təqdimatında gənclər ixtisas
seçimi, karyera planlaması, şəxsi inkişaf və motivasiya, könüllülük
fəaliyyəti, süni intellekt alətlərinin yaratdığı imkanlar, sağlam
və təhlükəsiz həyat mövzularında sessiyalara qatılıblar. Bununla
yanaşı, Suveren gənclər, Rəqəmsal düşüncə, Təhsil və karyera,
Vətənpərvər gənclik, Yaradıcı gənclik və Əyləncə adlı müxtəlif
zonalarda gənclərin yaradıcılıq və intellektual potensialını üzə
çıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar,
intellektual oyunlar, viktorinalar və sərgilər təşkil olunub.
Komanda əsaslı əyləncələr, stolüstü oyunlar və digər sosial
proqramlar gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də
qarşılıqlı əlaqələrinin güclənməsinə töhfə verib. Sonda fəallığı
ilə seçilən iştirakçılara mükafatlar təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun
dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və
Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Cari
ilin oktyabr ayının sonunadək layihənin ölkənin 15 şəhər və
rayonunu, o cümlədən ən ucqar kəndlərini əhatə edərək minlərlə
gəncə çatması planlaşdırılır.