Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar

Cəmiyyət

Bakı. Trend:

Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli
həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu
yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bu
gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən Qanuna
əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu
modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm
dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata
keçiriləcək.

Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik
olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair
işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət
zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı
işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını
həyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarının
fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin
mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları
tərəfindən icrası nəzərdə tutulmuşdur.

Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra
məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər
test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq
ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan
sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək
vəzifələrinin icrasına başlayacaqlar.




Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna
tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə
özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra
məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının
Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl
etməlidirlər.

Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş
məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət
aparatının tədricən optimallaşması və yeni peşə mühitinin
formalaşdırılması hədəflənib.

Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlanılması
məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari
təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı,
eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Bu
səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə
tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir