
Bakı. Trend:
Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür, lakin bu,
xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
İnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya və
Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya
şöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb.
Onun sözlərinə görə, hazırda yeganə tam sağaldıcı müalicə üsulu
sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır:
“Bu prosedur uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıq
vəziyyəti imkan verdikdə həyata keçirilir. Lakin hər xəstə üçün bu
üsul mümkün olmur. Transplantasiya zamanı xərçəng müalicəsində
istifadə olunan xüsusi dərmanlar və şüa terapiyası ilə xəstənin
xəstə sümük iliyi tamamilə məhv edilərək, sağlam donorun kök
hüceyrələri yeridilir. Bu, xəstəliyi tamamilə aradan qaldırmaq
potensialına malik olsa da, ciddi risklər və ağır yan təsirlər
səbəbindən yalnız xüsusi hallarda tətbiq edilir”.
T.Əhmədova bildirib ki, əksər hallarda isə talassemiya
xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmaların
qarşısını almaq üçün müntəzəm qan köçürmələri və dəmir
yüklənməsinin qarşısını alan dərmanlarla (xelasiya müalicəsi)
uzunmüddətli idarəetmə aparılır:
“Müntəzəm qan köçürmələri qan səviyyəsini normal saxlamaqla
anemiyanın ağır fəsadlarını azaldır və xəstənin ümumi sağlamlığını
qoruyur. Lakin qan köçürmələri dəmirin bədəndə yığılmasına səbəb
olur. Bu da ürək, qaraciyər və digər orqanlarda ciddi problemlər
yarada bilər. Buna görə xelasiya dərmanları ilə dəmir yüklənməsi
nəzarət altına alınır. Qeyd edim ki, xelasiya müalicəsi — bədəndə
artıq yığılmış dəmirin orqanlardan çıxarılması üçün tətbiq olunan
xüsusi dərmanlarla aparılan terapiyadır”.