
Bakı. Trend:
Bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks),
estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və
mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi
idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur.
Trend-in
xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli
345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o
cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə
Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə
idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi
qanunla qadağandır.
“Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi
risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri
zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji
prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq
ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir.
Vətəndaşlara tövsiyə olunur:
Yalnız dövlət qeydiyyatlı məhsullardan istifadə edən klinikalara
müraciət edin.
Sosial şəbəkələrdə reklam olunan ucuz prosedurlara qarşı ehtiyatlı
olun.
İstifadə edilən preparatın adını, istehsalçı ölkəsini, uyğunluq
sertifikatını və qeydiyyat vəsiqəsini tələb edin.
Qanunsuz və qeyri-peşəkar prosedurlar sağlamlığınıza ciddi ziyan
vura bilər.
AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında
qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı
vasitələrlə məlumat verə bilərlər:
“Bir Pəncərə” sektoru
Qaynar xətt: (012) 596 05 20
E-poçt: [email protected]
Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət
olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata
keçirilir”, – məlumatda deyilir.