Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidə fəaliyyətini bərpa edəcək (FOTO)

Cəmiyyət

Bakı. Trend:

2025-ci il 11 avqust tarixində Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyevin rəhbərliyilə, QAC
Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə və
Təchizat Sektorunun rəhbəri Samir Vasilkinin daxil olduğu nümayəndə
heyəti Xankəndi şəhərinə səfər ediblər.

Bu barədə Trend-ə QAC-dan məlumat verilib.

Bildirilib ki, səfərin əsas məqsədi Cəmiyyətin fəaliyyətini
Xankəndi şəhərində bərpa etməkdən ibarət olub.




Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Elçin Yusubov və İcraçı direktor Telman Kərimli
ilə görüşüb.

Qarşılıqlı anlaşma və səmərəli müzakirələrlə keçən görüşdə
Cəmiyyətin Xankəndidə fəaliyyəti üçün mövcud şəraitin qurulması
geniş müzakirə olunub.

Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində,
Qarabağ Univeristetinin rektoru Şahin Bayramovla da görüşüb.
Görüşdə Cəmiyyətin Xankəndi Universitetində İlk Təşkilatının
yaradılması və onun fəaliyyəti üçün mövcud şəraitin qurulması
müzakirə olunub.