Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi müzakirə edilib

Cəmiyyət

Bakı. Trend:

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə
keçirilib.

Trend xəbər
verir ki, dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV
nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə “Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi,
Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən
hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına
dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad
İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının
tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata
keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu
gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə, həmçinin
Ələt Azad İqtisadi Zonasında nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli
gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir:

“Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının
alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan
tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab
verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların
salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir. Amma əsas
məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf
mühit normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən
ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə
çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun
çəkilişi zamanı mövcud olan torpaq qatının, ağacların və digər
ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini
tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar yeri
mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən
müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki
xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, –
deyə M.Qənbərov bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı
mühəndisi Mehman Həsənov deyib ki, Pirşağı–Novxanı–Xırdalan–M4
avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan
şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsinin əsas
məqsədi Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı,
Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə
mövcud sıxlığı aradan qaldırmaq, yol infrastrukturunu
təkmilləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır. Layihənin
icrası zamanı ətraf mühitin qorunması üzrə bütün komponentlərə
töhfəmiz olacaq.




Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində
Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə
edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin
Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat
verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə
əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması
nəzərdə tutulur:

“Çayın məcrası 14 km uzunluqda dəyişdiriləcək. Çay bolsulu
olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər
hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı
tədbirlər nəzərdə tutulub”.

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən
hissəsində yeni yol qovşağının tikintisinin xüsusi əhəmiyyətindən
söz açılıb. Bildirilib ki, bu qovşaq Şimal–Cənub nəqliyyat
dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi
iqtisadi əhəmiyyət kəsb edir.

Yeni qovşağın tikintisi turizmi, kənd təsərrüfatını və
ümumilikdə ticarəti canlandıracaq, çünki liman və sərhəd
bölgələrinə çıxışı daha əlçatan edəcək Belə ki, bu qovşaq nəinki
yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda
Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını
artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə
çıxış imkanlarını daha əlçatan edəcək. Layihənin ətraf mühitə
təsirləri qiymətləndiriləcək, o cümlədən layihə altına düşən
yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün
olmayanların isə bərpa dəyəri ödəniləcək.

Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları
ilə davam etdirilib.