İntizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, birinin fəaliyyəti dayandırılıb

Cəmiyyət

Bakı. Trend:

2025-ci il avqustun 13-də Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Trend-ə bildirilib ki, İclası açan VK-nın sədri
Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və
qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı
məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi
mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran
vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil
etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına
qəbul edilib.




İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına
keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi
yardım göstərilməsi və borcların silinməsi, o cümlədən öz arzusu
ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlər
müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə
baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam
pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət
verilib, 1 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən
müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və
əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul
edilib.

Spread the love