Ali Məhkəmə xidmət haqqına görə lift qadağasını dayandırdı

Cəmiyyət

Bakı.Trend:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası
çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin
tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən
edən qərar qəbul edib.

Trend-in
xəbərinə görə, məhkəmə mübahisəsi ondan ibarət olub ki, cavabdeh
MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya
xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanıb, həmin
müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə
çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına
yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb.
Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə
sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC
tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan
edilməsi barədə iddia qaldırıblar.




Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki,
liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu
hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə
və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə
məruz qala bilər.

Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində
belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda mübahisəli
çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin
ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq
edilməsi ilə bağlı qərarı yoxdur.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən
istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət
(kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna
müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən
iddiaçıların bu müdaxilədən müdafiə hüquqları vardır.