
Bakı. Trend:
“AzerGold” QSC tərəfindən ətraf mühitin mühafizəsi və yerli
icmaların rifahının artırılması məqsədilə növbəti ekoloji təşəbbüs
reallaşdırılıb.
Cəmiyyət tərəfindən Göygöl rayonunun Zurnabad, Gəncə qəsəbəsi,
Daşkəsən rayonunun Quşçu kəndi ətrafında yerləşən torpaq yollara
“Dustex” adlı xüsusi toz əleyhinə reagent səpilib. Layihə ilkin
olaraq 15 kilometrlik yolu əhatə edib.
“Dustex” reagentindən beynəlxalq təcrübədə torpaq yollar,
tikinti sahələri və mədən ərazilərində tozun idarə olunması
məqsədilə aktiv şəkildə istifadə edilir.
Sözügedən məhlul 100% təbii tərkibli, ağac və ya digər bitki
mənşəli materiallardan alınan ekoloji cəhətdən təhlükəsiz, torpaq
və yeraltı su üçün zərərsiz, bioloji parçalanan və təbiətdə iz
qoymayan reagent olmaqla xüsusilə quru və küləkli hava şəraitində
tozun havaya qalxmasının qarşısını effektiv şəkildə alır.
Bu təşəbbüs kənd əhalisinin sağlamlığına və həyat keyfiyyətinə
müsbət təsir göstərməklə yanaşı, bölgədə ekoloji tarazlığın
qorunmasına, tozlanmaya qarşı su sərfiyyatının kəskin azaldılmasına
xidmət edir.
“AzerGold” QSC-nin bu təşəbbüsü şirkətin dayanıqlı inkişaf və
korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir.
Cəmiyyət bundan sonra da yerli icmalarla əməkdaşlıq şəraitində
sözügedən layihəni, eləcə də ekologiya və sosial rifah sahəsində
müxtəlif təşəbbüslərin icrasını davam etdirəcək.