
Bakı. Trend:
Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi
istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların
avtobusları yenilənib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının
yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən”
istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan
31 avtobus gətirilib:
“Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və
komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan
şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini
əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan
avtobusların sayı artırılacaq”.
“Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və
təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə
avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə
saxlanılır”, – qurumdan əlavə olunub.

