
Bakı. Trend:
Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq
KOB-ların böyüməsi və dövriyyəsinin artması onların
yaradılan imkanlardan səmərəli istifadə edərək davamlı inkişaf
etməsini və iqtisadiyyatda payının yüksəlməsini göstərir.
Sahibkarlığın inkişafı sahəsində ölkəmizdə həyata keçirilən
məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək tədbirləri
və təşviqlər öz müsbət nəticəsini verir. 2024-cü ildə əvvəlki illə
müqayisədə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun
olaraq böyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı
çoxalıb.
Belə ki, 2023-cü illə müqayisədə ötən il sahibkarlıq
subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların
sayı 14%-ə yaxın artıb. KOB subyektlərinin dövriyyəsi isə əvvəlki
illə müqayisədə 2024-cü ildə 10%-ə yaxın artaraq 48 mlrd. manatdan
çox olub. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq
fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes
mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və
iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.
Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB
subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş
“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü
meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri
sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında
müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik
gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50
arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik
sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250
arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan
sahibkardır.