
Bakı. Trend:
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi
ziyalılar arasında böyük rəğbət qazanıb.
Azərbaycanın görkəmli ziyalıları, dünyaşöhrətli idmançıları
düşərgə haqqında fikirlərini bölüşüb.
Akademik Misir Mərdanov
“Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak etmək 79 illik
ömrümün ən yaddaqalan günlərindən biri oldu. Bu, Azərbaycan
mədəniyyətini, həqiqətlərini dünyaya çatdırmaq istiqamətində çox
ciddi görüş idi. Bu gün ABŞ, Fransa, Böyük Britaniya kimi böyük
ölkələrlə əlaqələri daha da yaxşı qurmaq üçün imkanlarımız çoxdur.
Bu düşərgədə bir daha əmin oldum ki, xaricdə faydalı və savadlı
yeni nəsil formalaşır”.
Xalq artisti, professor, dirijor Yalçın
Adıgözəlov
“Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi və çox vacib
olan bu düşərgələri millətimiz, dövlətimiz yüksək qiymətləndirir.
Düşərgə çox yüksək səviyyədə təşkil olunmuşdu. Vaşinqtondakı tarixi
anlara diaspor gəncləri ilə şahid olduq. Onlarla bir yerdə və böyük
coşğu ilə həmin həyəcanı yaşamaq həmişə yaddaşımızda qalacaq”.
İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir
Əli Sərdari İrəvani
“Belə qərar verdim ki, mən bu mühüm tədbirdə – Diaspor
Gənclərinin VI Yay Düşərgəsində ana dilində danışmalıyam.
Gənclərimiz azərbaycanlı olduqları ilə qürur duymalıdırlar,
tariximizi və mədəniyyətimizi yaşatmalıdırlar”.
Millət vəkili Sahib Alıyev
“Xankəndidə diaspor gəncləri qarşısında çıxış etmək əhəmiyyətli
və qürurvericidir. Xankəndi Azərbaycanın gücünün göstəricisidir. Bu
gənclər yaşadıqları ölkələrdə nə dərəcədə inteqrasiya
olunacaqlarsa, o dərəcədə Azərbaycanın mövqeyini ifadə etməyə
bacaracaqlar”.
Güləş üzrə ikiqat dünya və üçqat Avropa çempionu Rafiq
Hüseynov
“Burada xüsusi seçilmiş gənclərimiz iştirak edir. Ümid edirəm
ki, biz bu gənclərə baxıb sevinəcəyik. Çox auditoriyalarda çıxış
etmişəm, amma təhsili, elmi ilə seçilmiş bu gənclərin qarşısında
danışmaq tam fərqli idi. Onlar seçilmiş gənclərdir, səhv etmək
olmazdı”.
Azərbaycan idman jurnalisti və televiziya aparıcısı
Gündüz Abbaszadə
“Bugünkü tədbir rastlaşdığım ən möhtəşəm tədbir idi. Verilən
suallar məntiqli, dünyagörüşlü və faktlara əsaslanan idi. Çox
sevinirəm ki, Azərbaycanın belə gəncləri var”.
Azərbaycan idman jurnalisti və televiziya aparıcısı
İlkin Xəlilov
“Qarabağa ilk səfərim belə gözəl və unudulmaz tədbirə təsadüf
etdi. Gənclərin əyləşdiyi zala baxanda bütöv bir Azərbaycan
gördüm”.
“Crowdstrike” regional sistem mühəndisi Orxan
Həbibzadə
“Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Qarabağda keçirilməsi
çox qürurvericidir. Gənclərə tövsiyəm odur ki, harada təhsil
alsalar da geri dönüb vətənə qulluq etsinlər”.
Azərbaycanlı paraatlet, dördqat dünya çempionu Lamiyə
Vəliyeva
“Başqa ölkədə yaşamaq böyük cəsarət tələb edir. Bu gənclərin
çoxu bir neçə xarici dili bilir, azərbaycanlı gənclərin bu inkişafı
qürurvericidir”.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının şöbə müdiri Əli Məmmədzadə
“İnanıram ki, bu düşərgə gənclər üçün açar rolunu oynayacaq.
Hazırda gənclərdən tələb olunan tək şey vətənpərvərlikdir. Bugünkü
tədbirin keçirilməsi çox əhəmiyyətlidir və çox xoşbəxtəm ki, burada
iştirak edirəm”.
Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının
təsisçisi Rəhman Rəsulzadə
“Çox maraqlı bir auditoriya idi və gənclər bizi çox sevindirdi.
Verilən suallar və reaksiyalardan gördüm ki, gənclər nə qədər
intellektdirlər. Diasporla İş üzrə Dövlət Komitəsi çox maraqlı bir
layihə ortaya qoyub və bu layihənin davam etməsi lazımdır.
Azərbaycanın intellektual gənclərinin şəbəkələşməsi, bir arada
olması çox mühüm bir addımdır”.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları
Assosiasiyasının icraçı direktoru Rauf Cabarov
“Bu gün çox maraqlı bir görüş oldu. Gənclərin
sualları çox maraqlı idi. Baxmayaraq ki, müzakirə olunan məsələlər
texniki sahəyə aid idi, amma çox maraqla qarşılandı”.
Təlimçi-ekspert Anar Həsənov
“Düşərgə iştirakçıları çox potensiallı gənclərdir. Diasporla İş
üzrə Dövlət Komitəsi düzgün formada onları istiqamətləndirib”.
Dünya şöhrətli fotojurnalist Reza Deqati
“Bu gəncləri görəndə elə bilirəm dünya ölkələri
bir-biri ilə birləşib. Gənclər çox şeyləri ürəkdən öyrənmək
istəyir, ürəkdən sual verirlər”.
Azərbaycan dilini tədris edən Dürdanə
Əlizadə
“VI Yay Düşərgəsinin iştirakçılarında Azərbaycan dili dərslərinə
çox böyük maraq vardı. Belə aktiv gənclərimizin olmağına
sevinirəm”.
Konstitusiya Məhkəməsinin hakimi Rəşid
Rzayev
“Xankəndidə Azərbaycan gəncləri qarşısında çıxış etmək çox
sevincli, şərəfli və qürurvericidir. Gənclərin verdikləri
suallardan bəlli olur ki, onlar öz üzərində işləyirlər. Onlar
maksimum bilik əldə etmək istəyirdilər”.
Qarabağ Universitetinin rektoru Şahin
Bayramov
“61 ölkədən gələn gəncə Qarabağ Universitetini tanıtmaq fəxarət
hissidir. Bir çox gəncimizin yaşadığı ölkədə məzun olduqdan sonra
Qarabağ Universitetində işləmək arzusu çox sevindiricidir”.
Almaniyadakı “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin
sədri Sevda Badaliouri
“Diaspor gənclərinin qarşısında çıxış etmək tarixi, yadda qalan
hadisədir. Bizim bu gənclərə hər zaman ehtiyacımız var”.
Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin
Manafov
“Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan mədəniyyətini,
həqiqətlərini dünyaya çatdırmaq istiqamətində çox ciddi bir
layihədir. Gənclər burada sərbəst şəkildə müzakirələrə qoşuldu və
bir-birindən gözəl suallarını bizə ünvanladılar. Xankəndidə belə
bilikli gənclərlə görüşmək çox xoş oldu”.
Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova
Universitetinin professoru Cahangir Novruzov
“Gənclərin Azərbaycan dilini bilmə səviyyəsinin xeyli
yüksəldiyini aydın şəkildə gördüm. Bu, mənim üçün böyük sevincdir.
Diasporumuzun bu təşəbbüsünü ürəkdən alqışlayıram. Hətta anaları
azərbaycanlı, ataları xarici vətəndaş olan uşaqlarımız belə,
dilimizi gözəl danışırlar. Əminəm ki, xaricdə doğulan uşaqlarımız
öz kimliyini və mənliyini qoruyaraq Azərbaycan mədəniyyətini və
dilini yaşadacaq, onu dünyada yayacaqlar”.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir
Quliyev
”Gənclər bu düşərgələrdə vətənə daha çox
bağlanırlar, vətəni daha çox sevirlər. Əminəm ki, bu gənclər
ölkəmizə faydalı nəsil olaraq yetişəcək. Diaspor Komitəsinin bu
layihəsi çox faydalıdır. İnanıram ki, xaricdə güclü Azərbaycan
diasporu formalaşır”.
Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət
vəkili Flora Qasımova
“Doğulub-böyüdüyüm Xankəndidə 61 ölkədən gələn azərbaycanlı və
xarici gənclə görüşmək məni çox xoşbəxt elədi, düşərgə peşəkarlıqla
təşkil olunmuşdu. Bu möhtəşəm layihəyə görə Diaspor Komitəsinə
minnətdaram. İştirak etdiyim “Xankəndi” paneli çox gözəl ideya kimi
yadımda qaldı. Gənclərə hər zaman ayıq-sayıq olmağı, Azərbaycanın
mənafelərini müdafiə etməyi tövsiyə etdim”.
Amerika Muğam Cəmiyyətinin sədri Cefri
Verbok
”Mən Xankəndidə olduğuma inana bilmirdim. Çox xoşbəxtəm və şükür
edirəm ki, məni Diaspor Komitəsi Diaspor Gənclərinin VI Yay
Düşərgəsinə dəvət etdi. İştirakçılara müraciət edərək qürurla bu
fikri ifadə etdim – “Mən çox fəxr edirəm ki, siz
azərbaycanlısınız”.
Təlimçi-eksperti Vəli Əlibəyov
“Gənclərlə işləmək zövqlü idi, çox hazırlıqlı idilər. Belə bir
layihəyə görə, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm.
Çox təcrübəli gənclər ölkəmizə dəvət olunub”.