Bakı.Trend:
Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə
nömrələnməsi və nişanlanmasına ilk dəfə pilot layihə olaraq Gəncə
şəhərindən başlanılıb.
Trend xəbər
verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bu tədbir Rəqəmsal Ekologiya İnformasiya
Sisteminin (REİS) tərkib hissəsi olaraq artıq həyata keçirilir,
lakin quru ağacların nişanlanması sahəsində bu yanaşma ilk dəfə
pilot layihə olaraq Gəncədə tətbiq olunur.
İ.İbrahimovanın sözlərinə görə, ağaclarda nişanlar üzərində QR
kod yerləşdirilib və hər bir ağac haqqında məlumatı www.agac.az
saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur.
“Bu prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji
tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların
əkilməsini təmin etməkdir. Bu mexanizm həm şəffaflığı, həm də
ictimai nəzarəti təmin edir. Layihənin əsas məqsədi də şəhərdə və
ümumilikdə ölkə ərazisində ağacların mühafizəsini təmin etmək,
şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir”.
İ.İbrahimova onu da qeyd edib ki, bu pilot layihə ağacların
mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və gələcəkdə digər
şəhərlərdə də tətbiq olunması nəzərdə tutulur.

