Qovlar şəhərində köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri inşa ediləcək (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə
Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən,
burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin
tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə
tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış
kompleksləri inşa ediləcək.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən
bildirilib.

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sifarişi ilə hazırlanan Baş plan Qovların ilk strateji inkişaf
konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin
yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi
kimliyin saxlanmasını hədəfləyir.

“Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən
şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci
ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq.
Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların
yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa
ediləcək.

Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17
min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar
olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış
sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min
m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117
min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış
fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də
planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı
2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170
nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan
tələbatını tam qarşılayacaq.




Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın
qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə
malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından
kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan
19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər
şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat
keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb.
Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə
çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin
xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk
mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması
nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının
genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza
rolunu oynayacaq.

Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir
logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd
təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və
daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini
əhəmiyyətli dərəcədə gücləndirəcək”, – məlumatda deyilir.

Qeyd edilib ki, eyni zamanda, Qovlar şəhərində sənaye
potensialının artırılması nəzərdə tutulur:

“Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı,
səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni
sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda
məşğulluğun artmasına mühüm töhfə verəcək.

Qovlarda “yaşıl” turizm, etnoturizm və ekoturizm kimi alternativ
sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da
diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin
qonaqları üçün yeni istirahət imkanları yaradacaq”.