Xəbər verdiyimiz kimi 20 yanvar şəhidi Fərizənin (İlham və Fərizə) tibb bacısı olan bacısı Elza xanım koronavirusdan dünyasını dəyişib.
İlhamın qardaşı Elxan Allahverdiyev ard-arda ailələrinə baş verən itkilərə görə təəssüfləndiyini bildirib:
“Elza xanım avqustun 5-də rəhmətə getdi və dünən dəfn edilib. Allah rəhmət eləsin, ailəsinə səbr versin. Bir neçə ilin içində mən anam və ötən il isə Fərizənin ata və anası dünyasını dəyişdi. İndi də Elza xanımın qəfil ölümü bizi çox sarsıdıb. Vəziyyət elədir ki, yaxınlarından kiminsə yas mərasimində iştirak edə bilmirsən. Elza xanımın 65 yaşı var idi, uzun illər idi tibb bacısı işləyirdi”.
Qeyd edək ki, İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu faciəyə dözməyən Fərizə də zəhər içərək özünü öldürüb. Onların qoşa məzarları Şəhidlər Xiyabanındadır. Cütlüyün sevgi dastanı bu gün Azərbaycanda dillər əzbəridir. 30 iyun İlham və Fərizənin toy günü 2004-cü ildən qeyri-formal olaraq Azərbaycanda “Sevgililər Günü” kimi qeyd olunur.