
Bakı. Trend:
Şamaxıda təbiət qoynunda keçirilən Azərbaycanın ən böyük gənclər
festivalı “Yay Fest”in səkkiz düşərgəsindən sayca altıncısı olan
“Vətənpərvərlik” düşərgəsi uğurla yekunlaşıb. Çadır formatlı
düşərgə respublikanın müxtəlif regionlarından, o cümlədən
Qazaxıstan, Özbəkistan və Qırğızıstandan xarici qonaqların da
olduğu 250 gənci bir araya gətirib. Düşərgənin əsas məqsədi Ali Baş
Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı
Qələbənin tarixi əhəmiyyətini təbliğ etmək, gənclərdə milli-mənəvi
dəyərlərə sadiqlik, tarix və mədəniyyətə bağlılıq hisslərini
gücləndirmək, eyni zamanda gənclər arasında beynəlxalq dostluq və
əməkdaşlıq körpüsü qurmaq olub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan
festivalın bu həftəki proqramında gənclərin vətənpərvərlik ruhunun
möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinə uyğun hərtərəfli
inkişafını təmin etmək məqsədilə görüşlər, interaktiv təlimlər,
motivasiyaedici sessiyalar və komanda oyunları həyata keçirilib.
Hər bir fəaliyyət gənclərə Azərbaycanın güclü sabahının onun
vətənpərvər və bilikli gəncləri ilə birbaşa bağlı olduğunu
aşılayıb.
Düşərgə müddətində təşkil edilən “Startap bacarıqları” və
“Səhnədə sən” vörkşopları, eko çanta master-klassı, intellektual
oyun və “Bu Şəhərdə” kollektivinin sevimli simaları Rafael
İsgəndərov və Coşqun Rəhimov ilə görüş gənclərin şəxsi inkişafını
dəstəkləmək, peşəkar bacarıqlarını, yaradıcılıqlarını artırmaq və
motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda, Vətən
müharibəsi qaziləri ilə görüş, “Qələbə carçıları” mövzusunda
teleaparıcı Jalə Həsənlinin ilə görüş, “Könüllülük və milli kimlik:
Müasir çağırışlar və imkanlar” panel görüşü, Qərbi Azərbaycan
İcması Müşahidə Şurasının sədri Misir Mərdanov ilə gənclərin səmimi
görüşü və ANAMA-nın əməkdaşlarının təqdimatında “Müharibədən sonra
həyat: Minatəmizləmə və yenidən qurma” adlı maarifləndirici sessiya
iştirakçıların vətənpərvərlik ruhunu daha da yüksəldib. Belə ki,
düşərgə boyunca keçirilən fəaliyyətlər gənclərə Vətən sevgisini
daha dərindən hiss etdirməklə yanaşı, müxtəlif mədəniyyətlərin
bir-birilə vəhdət təşkil etdiyi unikal bir təcrübə qazandırıb. Hər
günün sonunda təşkil edilən konsert proqramı, xarici qonaqların da
iştirakı ilə baş tutan “Mədəniyyət gecəsi” və ocaq ətrafında səmimi
söhbətlər gənclər üçün unudulmaz xatirəyə çevrilib.
Ümumilikdə 2000-dən artıq gəncin iştirakının planlaşdırıldığı
“Yay Fest 2025” 29 avqust tarixinədək davam edəcək və festival
çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”,
“Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik
tarixi” və “Qalib Diplomatiya” mövzularında ardıcıl 8 düşərgə
təşkil olunacaq.
Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkil
edilən “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun
dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,
“CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin
təşkilatçılığı ilə həyata keçirilir.
Gənclər http://yayfest.az/ veb-səhifəsinə daxil olaraq sonuncu
“Qalib diplomatiya” düşərgəsinə qatılmaq üçün qeydiyyatdan keçə və
seçim mərhələsində iştirak edə bilərlər. Seçim prosesində ictimai
fəallığı ilə fərqlənən namizədlərə üstünlük veriləcək.
Festivalın dinamik proqramı, maraqlı yenilikləri və ən son
xəbərləri izləmək üçün “Yay Fest”in Instagram səhifəsini (www.instagram.com/yayfest.az/) izləyə bilərsiniz.