
Bakı.Trend:
Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya
müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur.
Bu zaman magistral və digər əsas yollarda hərəkətin intensivliyi
xeyli artır və qəza riskidə yüksəlir. Belə şəraitdə hər bir
sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması
xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər
verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına
müraciətində bildirilib.
Müraciətdə qeyd edilib ki, sükan arxasında diqqətli olmaq,
müəyyən edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl
avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib
şərtlərindəndir:
“Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək
vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə
yoxlanılmalıdır.
Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına
keçmək qəza ehtimalını qat-qat artırır. Bu səbəbdən sürücülər
mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr
verməklə özlərini gümrah saxlamalıdırlar”.
“Yollarda müəyyən olunmuş qaydalara riayət etmək – həm
sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə
təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır
nəticələrə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını
diqqətli olmağa, yollarda ehtiyatlı davranmağa çağırır və hər kəsə
təhlükəsiz, rahat səfərlər arzulayır”, – müraciətdə bildirilib.