Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi olub (FOTO)

Cəmiyyət

Bakı.Trend:

15 avqust 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi,
Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və
“Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə keçirilən 2025-ci il
Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb. Maraqlı və
rəqabətli mübarizə şəraitində keçən yarışın qalibi Qarabağ
Universitetinin Enactus komandası olub.

Trend xəbər
verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.

Məlumata görə, respublika üzrə 24 universitet komandasının
qatıldığı yarışın yarımfinal mərhələsinə 12, final mərhələsinə isə
6 komanda yüksəlib. Finalda Qarabağ Universiteti, Bakı Dövlət
Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət
Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad
Universitetinin komandaları layihələrini təqdim edib və münsiflərin
suallarını cavablandırıblar.




Bildirilib ki, “Enactus Azərbaycan”ın İdarə Heyəti üzvlərindən
ibarət münsiflər heyətinin qərarına əsasən, Qarabağ Universitetinin
Enactus komandası fərqlənərək birinci yerə layiq görülüb. Qələbə
sayəsində Qarabağ Universitetinin Enactus komandası 2025-ci ilin
25-28 sentyabr tarixlərində Tailandda keçiriləcək Enactus Dünya
Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb. Dünya Kubokunda
iştirak Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Qeyd edilib ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və
sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa
hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platforması hesab
edilir. Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq
etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə
şərait yaradır və azad sahibkarlığı təbliğ edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir